Bakı Biznes Universitetində poeziya gecəsi

Bakı Biznes Universitetində 23 may 2014-ci il tarixində  şair-tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar İncəsənət xadimi Çingiz Əlioğlunun anadan olmasının 70 illiyinə həsr olunmuş poeziya gecəsi keçirilmişdir. Tədbirdə həmçinin Yasamal rayonu məktəbliləri də iştirak etmişlər. Tədbirdə Çingiz Əlioğlu, şair-tərcüməçi Elxan Zal Qaraxanoğlu, Azərbaycan Yazıçılar Birliyinin üzvü Feyziyyə xanım, filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas, tənqidçi, Dövlət Mükafatı laureatı Nizaməddin Şəmsizadə, yazıçı-dramaturq Ramiq Muxtar, “Azərbaycan” jurnalının baş redaktor müavini, tənqidçi Əsəd Cahangir iştirak etmişlər.

Poeziya gecəsini Bakı Biznes Universitetinin rektoru, i.e.d., prof. İbad Abbasov açaraq qonaqları salamlamış və Çingiz Əlioğlunun yaradıcılığı ilə bağlı məlumat vermişdir. Sonra N.Şəmsizadə Çingiz Əlioğlunun keçdiyi yaradıcılıq yolundan geniş danışmış, onun yaradıcılığının rəngarəngliyinə diqqət çəkmiş, Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, gənclərin həyatında oynadığı müsbət roldan bəhs etmişdir.

Dəvət olunmuş qonaqlardan tənqidçi Əsəd Cahangir Çingiz Əlioğlunun tərcümə əsərlərindən bəhs etmişdir. Elxan Zal Qaraxanoğlu Çingiz Əlioğlunun xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan poeziyasını necə müsbət səviyyədə təmsil etdiyindən danışmış, şerlərindən nümunələr oxumuşdur.

Şair Ramiq Muxtar Ç. Əlioğlunun 1960-80-ci illər yaradıcılığına diqqət çəkmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü Feyziyyə xanım Ç. Əlioğlunun yaradıcılığının ilk illərindən və onun poeziyasının inkişaf yolundan bəhs etmişdir.

Bakı Biznes Universitetinin tələbələri şairin şerlərindən nümunələr səsləndirmiş və ona maraqlı suallar vermişlər.

Sonda Çingiz Əlioğlu özünün son yaradıcılığından nümunələr səsləndirmiş və bu poeziya gecəsini yüksək səviyyədə təşkil etmiş Baki Biznes Universitetinin rektoru, i.e.d., prof. İbad Abbasova, Universitetin kollektivinə, tələbələrinə dərin təşəkkürünü bildirmişdir.